“əmlak və torpaq vergisinin toplanması ilə bağlı şəhriyar Qəsəbə bələdiyyəsinin indiyədək heç bir problemi olmayıb”. Bu fikirləri şamaxı rayonu şəhriyar bələdiyyəsinin sədri Musa Musayev deyib. Onun sözlərinə görə, bələdiyyə qanunvericiliyinə edilən əlavə və dəyişikliklər vergi toplanması sistemində bir yenilik oldu: “Bir bələdiyyə sədri olaraq, biz indiki vəziyyəti təqdir edirik. Amma təəssüflər olsun ki, bəzən süni maneələr də yaradılır. Misal üçün, dövlət başçısının fərmanın da qeyd edilir ki, müəyyən bir tikili varsa, onun hər kvadrat metrinə 10 qəpikdən vergi hesablanmalıdır. Bunun rəsmiləşdirilməsi, həmin yaşayış sahəsinin cizgilərinin hazırlanması və sair məsələlər bələdiyyələrin işinə kömək olmur. şəxsən bir bələdiyyə sədri kimi, 5 nəfərdən ibarət komissiya təşkil etmişik. Onlardan biri ictimaiyyət, 3 bələdiyyə bir nəfər isə mülkiyyət sahiblərindədir. Deməli, tikilini ölçürük, akt tərtib edirik və həmin yerin sahibi də razılaşıb akta imza atır. Daha sonra həmin aktın bir nüsxəsini də həmin mülkiyyətin sahibinə veririk və ona izah edirik ki, ildə aktla müəyyən olunmuş qədər vergi ödəyəcəksən. Qeyd edim ki, bu zaman vətəndaşa qanunvericilikdə əks olunun müddəalar izah olunur. Beləcə, heç bir çətinlik görmürəm və işimi davam etdirirəm”.
M.Musayev yeni qaydalarla bağlı əhalinin maarifləndirməsi üçün bir-bir evlərə getdiyini qeyd edib: “Vətəndaşlara izah edilir ki, yanvar ayının 1-dək vergi toplanması üçün qapınıza gəlib narahat edirdik. Lakin indi qaydalar dəyişib və sizə bildirişlər təqdim ediləcək, noyabr ayının 15-dək poçt vasitəsilə ödənişi edin. Vergi ödənilmədiyi halda bildirişdə qeyd edilən sonuncu tarixdən sonra üzərinə əlavə pul gələcək. Hətta verginin geçikdirilməməsi üçün vətəndaşlardan xahiş edirik”.
Bələdiyyəsi sədri deyib ki, ərazimizdə ötən ildən borcu qalan vətəndaş yoxdur: “şəhriyar bələdiyyəsində vergilərin toplanması normal qaydada həyata keçirilir. Bir məqamı da qeyd edim ki, qeyri-qanuni yolla hansı obyektin tikintisinə bizim bələdiyyədə rast gəlmək olmaz”.
M.Musayev əlavə edib ki, rayonda 29 bələdiyyə varsa, onun 28-də vergi toplanması problemdir: “Vergidən yayınan vətəndaşlara təsir qüvvəmiz yoxdur. Necə ki, vətəndaş işıq pulunu ödəməyəndə qanunvericiliklə müəyyən olunan təsir vasitələrindən istifadə olunur. Amma bələdiyyələrin bu imkanları yoxdur. Yaxşı olar ki, bu məsələ də həllini tapsın. Hesab edirəm ki, bundan sonra bələdiyyələrin fəaliyyəti normal məcraya yönələcək”.
Bəxtiyar Məmmədli